Xocalı soyqırımı və milli matəm günü

Tədbiri giriş sözü ilə açan Gəncə regional ədliyyə idarəsinin rəisi baş ədliyyə müşaviri Kəmaləddin Həsənov 26.02.1992-ci il tarixdə baş vermiş dəhşətli Xocalı soyqırımının acı nəticələri, erməni dəstələrinin Xocalı əhalisinə qarşı törətdiyi amansız zorakılığı, bu faciənin beynəlxalq sferada ictimai qınaq obyekti olması barədə çıxış etmişdir. İdarə rəisi şəhidlərin qanının yerdə qalmıyacağını, ermənilərin təcavüzü nəticəsində zəbt olunmuş torpaqlarımızın düşmən işğalından azad olunacağını xüsusilə vurğulamışdır. 25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən sərəncam verilmişdir. Milli Məclisin 24 fevral 1994-cü il tarixli qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuşdur.

23022017-1

Gəncə  regional ədliyyə idarəsinin böyük məsləhətçisi Samir Cəfərov qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.

İclasa yekun vuran Gəncə regional ədliyyə idarəsinin rəisi baş ədliyyə müşaviri Kəmaləddin HəsənovAzərbaycan xalqının və onun dövlətinin Xocalı faciəsini heç vaxt unutmayacaqlarını, həlak olmuş günahsız insanların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirmişdir.