Ulu öndər Heydər Əliyevin vəfatının il dönümü qeyd edilib.

 

11 dekabr 2019 -ci il tarixdə Notariat, Qeydiyyat və İcra şöbələrinin birgə iştirakı ilə  Ulu öndər Heydər Əliyevin vəfatının il dönümü qeyd edilmişdir.  İlk öncə   Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Tədbirdə çıxış edən    Gəncə regional ədliyyə idarəsinin rəisi, baş ədliyyə müşaviri Kəmaləddin Həsənov bildirdi ki, bu gün  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin vəfatının ondördüncü ildönümüdür. Xalqımız bu günü 12 dekabrı böyük hüzn və kədərlə qarşılayır. Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyətli tarixi şəraitdə fəaliyyət göstərən dahi şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq mühüm tarixi  bir dövrü məhz Azərbaycan xalqının ümumilli lideri, Ulu öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev öz məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini  zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur. Azərbaycanın 1969-cu ildən bəri yaşayan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında  ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir. 1969-1982-ci illərdə  ictimai həyatın  bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

Müstəqilliyin ilk illərində ölkəmiz ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Belə ki, sosializm sistemindən bazar iqtisadiyyatına keçid qeyri-peşəkar aparılır, ciddi sosial-iqtisadi, maliyyə problemlərinə yol açırdı. Ölkədə yaranan bu vəziyyətdən müəyyən qruplar öz məqsədləri üçün istifadə edirdilər. Bank sektorunda yüzlərlə bank fəaliyyət göstərir, qısa zamannda müflisləşərək vətəndaşların inamını puç edirdilər.  Bir sözlə, siyasi, iqtisadi, sosial böhran get-gedə genişlənirdi. Belə bir şəraitdə  hər bir sahədə olduğu kimi maliyyə sistemi də dərin böhran keçirməkdə idi.  Totalitar, inzibati amirlik prinsipinə söykənən sosialist sisteminin iflasından sonra yeni bir mərhələ - keçid dövrü mərhələsi yaşanmağa başlandı. Bazar iqtisadiyyatına keçmək üçün bir sıra vəzifələri yerinə yetirmək lazım idi. Bunun üçün dağılmaqda olan iqtisadi sistemin əsası kimi ona xas olan mülkiyyət tipi dəyişdirilməli, mülkiyyət çоxnövlüyü əsasında yeni təsərrüfat formaları yaradılmalı, idarəetmə mexanizmi və strukturları yenidən qurulmalı, bölgü münasibətləri, maliyyə, bank sistemləri yeni əsaslar üzərində formalaşdırılmalı, yeni tip xarici iqtisadi əlaqələr qurulmalı və ən başlıcası isə yaradılmaqda olan sistemdə fəaliyyət göstərəcək yeni təfəkkürlü insanlar formalaşdırmaq lazım idi. Məhz keçid dövrü dediyimiz bu dövrdə iqtisadiyyat sürətlə çökməkdə idi. Belə ki, 1991-ci ildə istehlak mallarının qiyməti 1990-cı ilə nisbətən 2 dəfədən çox artdığı halda, növbəti illərdə bu artım bir neçə dəfə sürətlənmişdi. 1992-ci ildə istehlak qiymətləri 1991-ci ilə nisbətən 10 dəfə, 1993-cü ildə 1992-ci ilə nisbətən 12 dəfə artmış, 1991-ci ildən başlayaraq 4 il ərzində əhalinin əmək haqqı üzrə əldə etdiyi real gəlirlərin səviyyəsi 8 dəfə azalmışdı. Bu hal iqtisadi tənəzzülü xeyli sürətləndirmiş və bu dövrdə inflyasiya özünün ən yüksək səviyyəsinə - hiper inflyasiya mərhələsinə qədəm qoymuşdu. Belə ki, istehsalın kəskin şəkildə azalması, siyasi qeyri-sabitlik, müharibə, bazar elementlərinin kortəbii fəaliyyəti kimi iqtisadi proseslər və dövlət xərclərinin, əmək haqqı səviyyəsinin bir neçə dəfə artırılması, maddi vəziyyyəti ağır olan sosial təbəqəyə güzəştlər, düşünülməmiş pul-kredit, vergi-büdcə, maliyyə-bank və xarici ticarət siyasəti tədbirləri dövlətin real iqtisadi imkanları ilə uzlaşmadığından inflyasiyanı daha da sürətləndirirdi.   Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü kimi xarakterizə edilən bu dövrdə aparılmış sistemsiz iqtisadi islahatlar nəticəsində maliyyə-bank sistemi iflic vəziyyətə düşdü, büdcə kəsirinin ÜDM-ə nisbəti 13 faizə qədər çatdı, büdcə kəsiri Milli Bank tərəfindən maliyyələşdirildi ki, bu da pul kütləsinin həddindən çox artmasına səbəb oldu.  Pul emissiyası əhalinin pul gəlirinin 40-45 faizini təşkil etdi, bu illərdə kredit həcminin ümumi daxili məhsula nisbəti 55-60 faiz təşkil etdi. Milli valyuta - manat tezliklə qiymətdən düşməyə başladı, əhalinin real pul gəlirləri kəskin şəkildə azaldı.

Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etdi. Xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən və ictimais-iyasi pərakəndəlikdən qurtardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Ən əsası isə, bunun üçün ümummilli liderimizə o qədər də uzun bir vaxt tələb olunmadı. 

1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaratdı.  Heydər Əliyevin bu dövrdəki fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. 

        

Ölkədə dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanması da Heydər Əliyevin adı ilə bağlıdır. İstər bu sahədə təkmil qanunvericilik bazasının yaradılması, istərsə də dövlət proqramlarının qəbulu ulu öndərin təşəbbüsü ilə reallaşıb. Təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət prinsipləri əsasında özünü tənzimləyən bazar iqtisadiyyatı mühitinin yaradılması, iqtisadiyyatın strukturunun günün tələbləri səviyyəsində yenidən qurulması, iqtisadiyyata investisiyaların, o cümlədən xarici sərmayələrin cəlb edilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında və sosial müdafiəsinin gücləndirilməsində həmin proqramlar mühüm rol oynayıb.

İqtisadi islahatların aparılması üçün vacib olan qanunvericilik bazası işlənib hazırlandı, bir sıra qanun, proqram, konsepsiyalar qəbul edildi. “Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)”, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)”, “Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)”, “Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası”, “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)” kimi sənədlər məhz bu qəbildəndir. Hüquqi şəxslərin qeydiyyatı və lisenziyalaşdırma sahəsində  süni maneələrin aradan qaldırılması, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı və lisenziyalaşdırma sahəsində süründürməçilik hallarına,  ayrı-ayrı dövlət orqanları tərəfindən iqtisadi sahəyə əsassız müdaxilələrə son qoyulması sahəsində kompleks tədbirlər həyata keçirildi.

Aparılan məqsədyönlü fəaliyyət və  tədbirlər nəticəsində Milli Bank tərəfindən büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulmuş, büdcə kəsiri ÜDM-in 1-2%-i səviyyəsinə endirilmişdir. Bu dəyişikliklər nəticəsində artıq 1996-cı ildə dərin iqtisadi böhran keçirən ölkədə makroiqtisadi sabitliyə nail olunmuş, növbəti-1997-ci ildən başlayaraq isə dinamik iqtisadi inkişafı təmin etmək mümkün olmuşdur. Belə ki, 1996-cı ildə ÜDM-in artım sürəti 1,3%, 1997-ci ildə 5,8%, 1998-2004-cü illərdə isə orta hesabla 10% təşkil etmişdir. Beləliklə, Heydər Əliyevin düşünülmüş iqtisadi və maliyyə siyasəti nəticəsində milli iqtisadi inkişaf strategiyası formalaşdırıldı, iqtisadi tənəzzülün qarşısı alındı və əksinə, inkişaf prosesləri başlandı. Ümumilli lider Beynəlxalq maliyyə qurumları ilə münasibətlərə xüsusi diqqət yetirirdi. 1998-ci ilin dekabr ayında Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri D.Ouenlə görüşdə o bildirmişdi: “Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan arasında əməkdaşlıq iqtisadiyyat və maliyyə sahəsində indiyə qədər gördüyümüz və gələcəkdə görüləcək işlərimizin böyük bir hissəsini təşkil edir. Hesab edirəm ki, Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan arasında əməkdaşlıq uğurludur  və ümid edirik ki,bundan sonra da uğurlu olacaqdır. Siz bizim maliyyə, iqtisadiyyat  məsələlərimizi  təhlil edirsiniz, araşdırırsınız və həmişə müstəqil fikir söyləyirsiniz, öz təkliflərinizlə, məsləhətlərinizlə bizə çox kömək edirsiniz”.  17 dekabr 2001-ci ildə Heydər Əliyev BVF-nin nümayəndəsi C.Lyukman-Li ilə görüşmüş, ekspert bu görüşdə Azərbaycandakı islahatların nəticələrinin ruhlandırıcı olduğunu bildirmişdir. Beləliklə, beynəlxalq və mötəbər maliyyə təşkilatları da Heydər Əliyev siyasətinin uğurlarını etiraf edirdi.  Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda vergi sisteminin strukturu və vergi sahəsində milli qanunvericilik bazası formalaşdırılmış, Vergi Məcəlləsi qəbul edilmişdir. Ulu öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə vergi sistemində islahatlara başlanmış, vergi siyasətinin əsas istiqamətləri, vergilərin sayı və dərəcələrinin optimal səviyyəsi müəyyənləşdirilmiş, ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə olunmuşdur. Bu illər ərzində bütövlükdə liberal və rəqabətqabiliyyətli bir vergi sistemi formalaşdırılmış, Azərbaycanda sərmayəçilər üçün cəlbedici, sadə və eyni zamanda, şəffaf və sabit bir vergi sistemi qurulması istiqamətində əhəmiyyətli tədbirlər görülmüşdür.

Ulu öndər "iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir", "iqtisadiyyat hər şeydir, çünki o, cəmiyyətin bünövrəsidir" kimi fikirləri ifadə etməklə iqtisadiyyatın cəmiyyətin inkişafında rolunu olduqca yüksək qiymətləndirirdi. Eyni zamanda, ulu öndər iqtisadiyyatı inqilabi yolla inkişaf etdirmək deyil, əksinə, təkamül yolu ilə, ardıcıl islahatlar aparmaqla inkişafa nail olmağa üstünlük verirdi. Ümumilli liderimiz Heydər Əliyev bildirirdi ki, “Dünyada getdikcə artan qarşılıqlı asılılıq, dünya iqtisadiyyatının birləşməsi, regiоnlaşması XX əsrin sоn mərhələsinin  fərqləndirici xüsusiyyətlərindəndir. Heç bir ölkə, ən böyük bir ölkədə yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədəinkişaf etdirə bilməz”. Ümumilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi iqtisadi siyasət strategiyasının başlıca istiqamətlərini sabitləşdirmə, islahatlaşdırma, dünya iqtisadi inteqrasiyasına qоşulma, sоsial-iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi təşkil edirdi. 

2003-cü ildən başlayaraq Heydər Əliyev strategiyası yeni keyfiyyətdə və yeni məzmunda uğurla davam etdirilərək hazırda tamamilə yeni bir inkişaf dövrünə qədəm qoymuşdur. Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində dövlət quruculuğunun yeni mərhələsi başlamış, iqtisadiyyatın müasirləşməsinə, qeyri-neft sektorunun inkişafına nail olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanılmış, regionların inkişafı sürətləndirilmişdir. Həyata keçirilən sosialyönümlü siyasət və layihələr nəticəsində əhalinin sosial rifahı xeyli yaxşılaşmışdır. İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ başlamışdır. Prezident İlham Əliyev vəzifəsinin icrasına başlayandan az sonra imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafına təkan vermişdir. Azərbaycanın inkişafı problemlərinin yeni, innovativ dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün sahələrinin modernləşdirilməsi prioritetə çevrilmişdir