20 Yanvar faciəsi

Yanvarın 17-də Gəncə regional ədliyyə idarəsində  qeydiyyat ,notariat  və icra qurumlarının birgə iştirakı ilə 20 Yanvar hadisələri mövzusunda anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar Azərbaycan xalqının müstəqillik yolunda mühüm mərhələ olduğunu vurğulayan  Gəncə regional ədliyyə idarəsinin rəisi, baş ədliyyə müşaviri Kəmaləddin Həsənov 30 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışıb. O, 20 Yanvar hadisəsini faciə kimi yox, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib.

            20 Yanvar faciəsinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayan Kəmaləddin Həsənov qeyd edib ki, olduqca mürəkkəb bir vəziyyətdə olmasına, özünün və ailəsi üçün yaranan təhlükəyə baxmayaraq, Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsi, günahkarların cəzalandırılması tələbini bütün dünyaya bəyan etdi. Məhz Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin dünyaya çatdırılması işində mühüm irəliləyiş əldə olunub.

Ulu öndə Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.

Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-ciü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.

            Bu gün Prezident İlham Əliyev də müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətində böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunın yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir.

Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksinin yenidən qurulması ilə bağlı sərəncamı Vətən şəhidlərinin xatirəsinə ehtiramın daha bir nümunəsinə çevrildi. Prezident İlham Əliyevin sərəncama əsasən, Şəhidlər Xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən quruldu, abadlaşdırıldı.