“ Yerli vergi və ödənişlərin hesablanması, güzəştlərin verilməsi, ödənilməsi və məcburi icrası məsələləri üzrə ” barədə hüquqi-maarifləndirici TOPLANTI

Gəncə  Regional Ədliyyə İdarəsinin təşəbbüsü ilə 22 yanvar 2018-ci il tarixində Gəncə  Regional Ədliyyə İdarəsinin inzibati binasında   Yerli vergi və ödənişlərin hesablanması, güzəştlərin verilməsi, ödənilməsi və məcburi icrası məsələləri üzrə” hüquqi-maarifləndirici toplantı təşkil olunmuşdur. Toplantıda Regional Ədliyyə İdarəsinin əməkdaşları, Nizami və Kəpəz (Gəncə ş.) Bələdiyyələrinin qulluqçuları iştirak etmişdir.

Tədbiri Gəncə Regional Ədliyyə İdarəsinin böyük məsləhtçisi Samir Cəfərov açaraq toplantının gündəliyinin əsas mövzusunun “Yerli vergi və ödənişlərin hesablanması, güzəştlərin verilməsi, ödənilməsi və məcburi icrası məsələləri üzrə ” olduğunu bildirmişdir. S.Cəfərov diqqətə çatdırmışdır ki, Bələdiyyələr də Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərirlər. Bir çox bələdiyyələr yerli əhəmiyyətli məsələlərin həllində müsbət təcrübə əldə etmiş, fəaliyyətlərində şəffaflığa, icra orqanları və qeyri-hökumət təşkilatları ilə işgüzar əlaqələrin qurulmasına nail olmuşdur. Vurğulanmışdır ki, bələdiyyələrin gördüyü işlərin əksəriyyəti onların ərazilərində yaşayan vətəndaşların sosial sifarişlərindən irəli gəlir. Həmin sifarişlərin öyrənilməsində isə bələdiyyə sədrlərinin rolu böyükdür.

Daha sonra bələdiyyə üzvləri və qulluqçuları çıxış edərək bildirmişdir ki, bələdiyyələr yaradıldığı gündən dövlətin yaxından dəstəyini hiss edir, bələdiyyənin fəaliyyətinin təkmilləşdirilməsi üçün qanunvericilik bazası möhkəmlənir. Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin, bələdiyyə üzvlərinin və qulluqçularının bilik və təcrübəsinin artırılması üçün milli assosiasiyalar və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bölgələrdə bələdiyyə üzvü və qulluqçuları üçün müxtəlif mövzularda seminar və ixtisasartırma kursları təşkil edir. Bundan başqa bələdiyyənin fəaliyyətində vətəndaşlarla münasibətlərin yüksək səviyyədə qurulmasının böyük önəm daşıdığını vurğulayan bələdiyyə qulluqçuları bildirmişlər ki, bu məqsədlə hazırda Nizami və  Kəpəz (Gəncə ş.)  Bələdiyyələrinin internet saytı fəaliyyət göstərir. Bələdiyyənin istər şəhərin quruculuq və abadlıq işlərində, istərsə də vətəndaşların problemlərinin həlli ilə bağlı gördüyü işlərin işıqlanması internet saytında xüsusi yer alır.