Ümummilli Lider Heydər Əliyev Dünya miqyaslı siyasətçi

 

 7 may 2018-ci il tarixdə Gəncə şəhəri 5 saylı Notariat kontorunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı tədbir keçirilib. Tədbirin əvvəlində  Gəncə regional ədliyyə idarəsinin və  5 saylı Notariat kontorunun əməkdaşları Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Bunun ardınca Gəncə şəhəri 5 saylı Notariat kontorunda baş tutan tədbirdə ilk önçə  Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video filimə baxılıb.

Bundan sonra tədbiri Aris  Ələkbərov  açaraq bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində özünəməxsus yeri və rolu vardır. O qeyd edib ki, Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.

Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər, fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.

Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.

Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. Liderlər var ki, siyasi fəaliyyət, dövlət idarəetməsi sahəsində uzun illər çalışıb püxtələşdikdən sonra tanınırlar. Elə adamlar da var ki, bu, onlarda fitrən mövcuddur, genlərində kodlaşdırılıb, bir sözlə, ilahi vergidir. Buna Allahdan lider deyirlər. Heydər Əliyev məhz ikincilərdəndir. Digər vacib məqam səlahiyyət məsələsidir. Heydər Əliyev tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, urvatı olan lider idi. O, beynəlxalq səviyyədə düşünməyi və təhlillər aparmağı bacarırdı. Bu iki məqam onu həmkarlarından əhəmiyyətli dərəcədə fərqləndirən professional cizgilərdəndir.

Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diktə edən nadir şəxsiyyətlərdən biri idi. O təkcə güclü təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.

Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara – zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.

Ulu öndəri xarizmatik lider, fenomenal şəxsiyyət adlandırırlar. Müasir siyasi texnologiyalarda lider üçün xarizma məsələsi çox vacib şərt hesab edilir. Heydər Əliyev məhz güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Xeyirxahlıq və alicənablıq, inam və etibar, təmkin və səmimiyyət, zəka, səbat, diqqət və başqa cəhətlər Heydər Əliyevin fərdi naturasının özgün çalarları idi.

Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. Onun bu sahədəki fitri istedadı və fövqəladə qabiliyyəti, hadisələrin və tarixin gedişatını öncə görmək məharəti siyasət aləminə qədəm qoyduğu ilk günlərdən özünü büruzə vermişdi.

Təsadüfi deyildir ki, onun atdığı addımlar, irəli sürdüyü problemlər, qəbul etdiyi qərarlar, söylədiyi fikirlər öz aktuallığı, düzgünlüyü və obyektivliyi və hər cəhətdən ölçülüb biçildiyindən ətraflardakıları heyrətləndirmiş, siyasət aləminin patriarxı adını qazandırmışdır. Hətta dünyanın ən görkəmli siyasət və dövlət xadimləri Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Siyasətçilər bu dahi insanı “liderlərin lideri” adlandırırdılar. Onun siyasətinin gücü nədə idi?!

- Siyasi uzaqgörənliyində, fitri istedadında, müdrikliyində, ölçülüb-biçilmiş qərarlarında, qətiyyətliliyində, siyasi iradəsində, dərin zəkasında, ensiklopedik biliyə malik olmasında, geniş dünyagörüşündə, milli maraqlara əsaslanmasında, tarixi şəraitdən düzgün baş çıxarmasında, zaman və məkan amilini qiymətləndirməsində, dözüm və səbirliliyində, nəzəriyyəyə istinad etməsində və praktik həyatdan baş çıxarmasında – bir sözlə, fenomenal şəxsi keyfiyyətlərində idi. Bu dahi siyasətçi zərgər dəqiqliyi ilə, ölçülüb-biçilmiş qərarlar qəbul edirdi. Onun fəaliyyəti haqsız yerə “təftiş” ediləndə belə irad tutulması, “nöqsan deyiləsi” olan bir fakt belə tapa bilməmişlər. Yarım əsrlik siyasi fəaliyyətin qızıl qaydası çoxları üçün təəccüblü idi. Təəccüb və möcüzələr, başqalarını şok vəziyyətinə salan faktlar yüzlərlədir. Elə bu keyfiyyətlər onu başqalarından fərqləndirirdi.