Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı tədbir

10.05.2018-ci  tarixdə  Gəncə regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Qeydiyyat, Notariat və Göygöl rayon icra və probasiya şöbəsinin əməkdaşlarının iştirakı ilə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbiri Gəncə regional ədliyyə idarəsinin  rəisi Kəmaləddin Həsənov açaraq bildirib ki,  bu gün Müstəqil Azərbaycanımızın Dövlət Bayrağını da ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məhz O gətirmişdir. İndi həmin bayraq hər birimizin qəlbimizdə iftixar, qürur oyadır. 22 ildən çoxdur ki, bu bayraq vətən səmasında əzəmətlə, vüqarla dalğalanır. Ulu öndərimizin vaxtilə dediyi sözlər bu gün həyatda özünü necə də müdrikliklə təsdiq edir: “ Biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın Dövlət Müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq”. 

 Daha sonra Gəncə regional ədliyyə idarəsininin  əməkdaşları qeyd ediblər ki, Ulu öndər Heydər Əliyevin vətənimiz, xalqımız qarşısında tarixi xidmətləri ilə bağlı günlərlə, aylarla danışmaq olar. Mən, bu Fövqəlbəşər insan haqqında bəzi məqamlara toxunmaq istəyirəm: "Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza rəhbər təyin olunanda, Azərbaycan keçmiş sovetlər birliyində ən geridə qalan aqrar bir ölkə idi. Qısa bir vaxt ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycanda kənd təsərrüfatı ilə yanaşı, iqtisadiyyatın, sənayenin inkişafına da nail oldu. Bakıda, Gəncədə, Sumqayıtda o cümlədən Gəncədə ən iri sənaye müəssisələri, fabriklər, zavodlar tikildi. Əhali üçün yeni iş yerləri açıldı, vətəndaşlarımızın sosial rifahı günbəgün artmağa başladı. Artıq, ötən əsrin 70-ci illərinin sonunda, Azərbaycan Sovetlər birliyinin, iqtisadi cəhətdən ən güclü respublikalarından birinə çevrildi. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, ən böyük tikinti layihələri Azərbaycana gətirildi. Ölkəmizdə əlvan metallurgiya, ağır və yüngül sənaye sürətlə inkişaf etməyə başladı. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin gərgin əməyi, yorulmaz fəaliyyəti və yeritdiyi düzgün siyasəti nəticəsində mümkün oldu. Məhz, 70-ci illərdə həyata keçirilən, tikinti layihələri, güclü iqtisadiyyat, yeni zavod və fabriklərin tikilməsi, kənd təsərrüfatının elmi əsaslarla inkişafı, müstəqil Azərbaycanın daha möhkəm qurulması istiqamətində, ən böyük baza oldu”.

1993-cü ildə, xalqın təkidli tələbi ilə ulu öndərimiz 2-ci dəfə Azərbaycana rəhbərliyə gələndə, ölkəmiz, vətəndaş müharibəsi həddində idi. Bütün bölgələrdə ayrı-ayrı adamlara xidmət göstərən silahlı birləşmələr var idi. Qanunlar işləmirdi, özbaşınalıq, anarxiya, vəzifə uğrunda gedən çəkişmələr, o vaxtkı rəhbərlərin yalnız özlərini düşünmələri bütün xalqı bezdirmişdi. Bax belə bir şəraitdə Heydər Əliyev xeyli təkiddən sonra, bir lider kimi Azərbaycana rəhbərlik etməyə razılıq verdi və dərhal da, əməli işə keçdi. Qısa bir müddətdə silahlı dəstələr zərərsizləşdirildi. Qanunlar bərpa olundu, əmin-amanlıq sabitlik yarandı. Ulu öndərimiz o çətin dövrdə, öz şəxsi nüfuzundan istifadə edərək, dünyanın aparıcı dövlətlərini Azərbaycana dəvət etdi. 2 il ərzində neft, qaz və digər iqtisadi sahələrdə 21 beynəlxalq layihə imzalandı. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzuna görə, xarici dövlətlər Azərbaycana küllü miqdarda sərmayə qoymağa başladılar.

Məlum bir həqiqəti bir daha xatırlatmaq istəyirəm ki, müstəqilliyi əldə etmək, qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir. Lakin Ulu öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız Ulu öndərimizə borcluyuq.

 Türk dünyasının dahi oğlu, tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı, ictimai və siyasi fəaliyyəti, bu gün bütün dünyanı maraqlandırır. Ulu Öndər Heydər Əliyevin dərin zəkası, analitik təfəkkürü, heyrətamiz yaddaşı, işgüzarlıq keyfiyyəti bu dahi insanı dünyada ən güclü, müdrik və qətiyyətli bir siyasətçiyə çevirdi.