Gənclərin ədliyyə orqanlarına işə qəbulu davam edir

Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə müvafiq olaraq ədliyyə orqanlarında gənclərin aşkarlıq şəraitində qulluğa qəbulu, layiqli dövlət qulluqçusu kimi formalaşdırılması, bilik, bacarıq və potensialından səmərəli istifadə olunması istiqamətində məqsədyönlü işlər görülür.

Ötən dövrdə kütləvi informasiya vasitələrində verilən məlumatlara əsasən açıq müsabiqə və müsahibələrdə 3000-dən çox şəxs iştirak etmiş, sənədləri yoxlanılmış və sınaqlardan uğurla çıxmış 1000 nəfərə yaxın gənc barəsində təyinatlar aparılmışdır.

Qulluğa qəbul edilən gənclər hazırda regional ədliyyə, qeydiyyat şöbələrində, həmçinin penitensiar, tibb, icra xidmətlərində və digər ədliyyə sahələrində uğurla fəaliyyət göstərirlər.

Xüsusilə qeyd edilməlidir ki, 2006-cı ildən etibarən qanunvericiliyə əsasən ədliyyə orqanlarına qulluğa qəbulun test imtahanı yolu ilə həyata keçirilməsinə, 2009-cu ildən isə müsabiqə qaliblərinin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasına icbari təlimə cəlb olunmasına başlanılmışdır.

Hüquq mühafizə orqanları statusuna malik olan ədliyyə orqanlarında, o cümlədən yaş həddi müəyyən edilmiş aidiyyəti sahələrdə çalışmağa xüsusi maraq göstərənlərin tam əksəriyyəti məhz gənclərdir ki, bu da ölkəmizdə həyata keçirilən və dövlətimizin prioritet verdiyi sahələrdən olan gənclər siyasətinə öz töhfələrini verir.

Bunun nəticəsidir ki, bütövlükdə ədliyyə işçilərinin iki-üç nəfərdən birini gənclər təşkil edir və bu gün onlar göstərilən etimadı layiqincə doğruldurlar.

Bildiririk ki, ədliyyə orqanlarında gənc kadrlara ehtiyacı və vakant ştat vahidlərini nəzərə alaraq, hazırda şəffaf prosedurlarla, müsabiqə və müsahibə yolu ilə yüksək nəzəri hazırlığa malik mütəxəssislərin işə qəbulu davam etdirilir.